Ekspressionist azlığın cəmiyyət içində “cəmiyyət” görüntüsü sərgiləmək cəhdi Ərəbistan səhralarında “buz şəhərciyi” inşa etmək qədər cəfəng bir işdir
Cəmiyyətə dair bütün elmi-nəzəri sistemlərin əsasında dayanan antik fəlsəfənin banilərinin fikrincə, cəmiyyətin tənasübünü şərtləndirən dörd təbəqə mahiyyətcə təbiətin tarazlığını şərtləndirən dörd amilin – odun, suyun, havanın, torpağın eynidir. Daha konkreti, antik fəlsəfə ziraət əhlinin, yəni istehsalçıların cəmiyyətdəki funksiyasını torpağın; müamilə əhlinin, yəni xidmət sferasının bütün sahələrinin cəminin funksiyasını havanın; qılınc əhlinin, yəni ictimai-siyasi və hərbi xadimlərin ümumunun funksiyasını odun; qələm əhlinin funksiyasını isə suyun təbiətin tarazlığında oynadığı rola bənzədirlər. Bu hikmətdən hasil olan ilk məntiqi nəticə odur ki, ziraət əhlinə, müamilə əhlinə inkişaf imkanını qılınc əhli verməlidir, yəni ictimai-siyasi xadimlərin enerjisi o qədər olmalıdır ki, günəş torpağı, havanı qızdırıb təbiəti canlandırdığı timsalda, istehsalçılara qurub-yaratmaq imkanı təmin edə bilsin. Qələm əhli öz varlığıyla ziraətçinin ruhuna hopmalıdır, od torpağın nemətlərini yandırdığı hallarda alovun üstünə çilənib onu ram etməlidir. Od zəif olanda suyun selə dönüb torpağın faydalı səthini məhv etməsi, su zəif olanda odun hər şeyi yandırıb külə döndərməsi təhlükəsi labüddür. Bəs bu nəzəri baxış prizmasında çağdaş Azərbaycan cəmiyyəti necə görünür?
Səthi müşahidə nəticəsində belə Azərbaycan cəmiyyətində bir-birinə daban-dabana zidd olan iki mühitin təşəkkülü və sürətlə qütbləşməsi prosesi müşahidə edilir: biri sosioloji və politoloji qanunauyğunluqlarla tam uzlaşan mütləq əksəriyyət, digəri isə özünü mütləq əksəriyyətdən bütün mümkün vasitələrlə təcrid etməkdə israrlı olan, bütün təbii qanunauyğunluqlardan mexaniki imtina bahasına olsa belə, hadisələrin axarını və ümumən reallığı öz mistik istəklərinə uzlaşdırmağa cəhd edən ekspressionist azlıq.
Mütləq əksəriyyətin cəm olduğu birinci cəmiyyətdə od, hava və torpaq mahiyyətli qüvvələrin sinxron inkişafı artıq danılması mümkünsüz reallıq olduğu kimi, su timsallı qüvvənin bu inkişafa yetərincə yardımçı ola bilməməsi bir yana, ümumiyyətlə, bu inkişaf tempindən böyük fərqlə geri qalması konturları aydın sezilən gerçəklikdir. Yəni ictimai-siyasi institutların, dövlət təsisatının ali orqanının müsbət inersiyasının istehsal və xidmət sferalarının dinamik tərəqqisinə şərait yaratdığını inamla söyləmək mümkün olsa da, elm, ədəbiyyat və informasiya sferası barədə eyni inamla danışmaq olmaz. Xüsusən də informasiya sahəsindəki axsama həyəcan təbili çalmağa əsas verir. Hökumətin, dövlətin, ümumən ictimai-siyasi institutların çevik fəaliyyətini, uğurlarını lazımınca işıqlandırmaqda, bu uğurları şərtləndirən amilləri müəyyənləşdirib lazımınca təbliğ etməkdə sanki çətinlik çəkən informasiya sferasının hətta sırf texniki baxımdan yeniləşə bilməməsi, hadisələri qabaqlamaq istəyi sərgiləməməsi həqiqətən də ciddi problemdir. Bu problemin həll olunmaması müəyyən dövrdən sonra ümumən inkişaf prosesinə əngəl, cəmiyyətin tənasübü üçün zəruri olan əsas qüvvələrdən birini-qələm əhli zümrəsini tormozlayıcı qüvvəyə çevirə bilər. Bu özünü necə və nədə göstərə bilər?
Azərbaycanda daxili istehsalın sürətli inkişaf tempi müqabilində elmin, ədəbiyyatın zəif yüksəlişi onunla nəticələnə bilər ki, Azərbaycan bütünlüklə əcnəbi təhsil sistemindən, xarici texnologiyadan və mütəxəssislərdən asılı vəziyyətə düşər. Bu isə birmənalı şəkildə cəmiyyətin tarazlığının pozulmasına yönəlik bir amildir; özü də çox ciddi amildir. İnformasiya sahəsindəki geriliyin ağır nəticələrini bu gün hələlik erməni təbliğatına uduzmağımız kimi acı reallığın fonunda hiss edirik. Azərbaycanın dünyanın karbohidrogen siyasətindəki rolu artdıqca, bizi rəqib gözündə görənlərin sayının da ədədi silsilə üzrə artacağı şəksizdir. Artıq bu yöndə ilk arzuolunmaz işartılar da görünməkdədir. Azərbaycan neftinin və qazının Türkiyə vasitəsi ilə Avropaya çıxması artıq Rusiyada bu sahələri nəzarətdə saxlayan oliqarxiyanın ciddi narahatlığına səbəb olub. Rəsmi Bakı ilə rəsmi Moskvanın siyasi yönləndiricilərinin kifayət qədər isti münasibətlərinə rəğmən, son aylar ərzində baş verənlər elə bu narahatlığın cəmiyyətlərə transfer olunmuş proyeksiyalarından savayı bir şey deyil. Başqa sözlə, rus oliqarxiyası Rusiyadakı azərbaycanlı miqrantlardan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə, bu yolla da Azərbaycan dövlətinin dinamik inkişaf tempini azaltmağa və təbii ki, enerji ehtiyatları bazarında müəyyən güzəştlərə məcbur etməyə cəhd göstərir. Sabah bu yönlü qısqanc meyillərin regionun digər dövlətlərində də baş qaldırması və açıq müstəviyə çıxması ehtimalı da az deyil. Bu gün olduğu kimi, ehtimal olunan digər anoloji situasiyalarda da cəmiyyətin vahid qüvvəyə çevrilməsinə böyük ehtiyac duyulacaq. Bu bütövlüyü təmin etmək, hadisələri qabaqlayıb ekstremal vəziyyətləri doğuran səbəbləri cəmiyyətə çatdırmaq, bir sözlə, informasiya müharibəsini udmaq qələm əhlinin vəzifəsidir. Amma bu günün sakitliyində bu vəzifənin öhdəsindən layiqincə gələ bilməyən bir qüvvənin ekstremal şəraitlərdə yetərli gücə çevrilməsi ehtimalı çox azdır. Odur ki, bu barədə ciddi-ciddi düşünüb, cəmiyyətin tənasübü üçün zəruri olan bu dördüncü qüvvənin inkişaf tempini heç olmazsa digər üçünün inkişaf tempi ilə eyniləşdirməyin real yollarını tapmaq lazımdır. Amma bu heç bir halda digər üç qüvvənin güzəşt və ianələri hesabına dirçəlmə, yaxud da mexaniki sıçrayışa səbəb ola biləcək süni təkan kimi qavranmamalı; ədəbiyyatın yayğınlıqdan çıxıb məqsədyönlüləşməsinin, elmin ələbaxımlıqdan çıxıb dividentlər gətirən, milli texnologiya ixrac edən bir kompleksə çevrilməsinin, jurnalistikanın hadisələrin arxasınca sürünən izləyici-təhlilçi mövqedən önləyici-istiqamətləndirici mövqeyə çıxmasının elmi-konseptual əsasları hazırlanmalı, bu əsasların gerçək tətbiq metodları müəyyənləşdirilməlidir. Bu, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətini əhatə edən kəsimin real durumu və səciyyəsi. Bəs bu mühitlə tam ziddiyyət təşkil edən “ekspressionist azlıq cəmiyyəti” hansı özəllikləri ilə səciyyələnir?
Bu kəsimdə anormallığı şərtləndirən əsas səbəb, heç şübhəsiz, burada cəmiyyətlərin tənasübü üçün zəruri təbəqələrin hamısının təmsil olunmamasıdır. Bu “cəmiyyət”in məşğulluq parametri üzrə təsnifatından aydın olur ki, burada yalnız iki təbəqənin nümayəndələri: özünü güclə qılınc əhli, yəni ictimai-siyasi xadimlər təbəqəsinə müncər etmək istəyənlər, bir də qələm əhli təbəqəsinə məxsusluğunu isbatlamaq üçün dəridən-qabıqdan çıxanlar təmsil olunurlar. Digər təbəqələrin, istehsalçıların və xidmət sferasının bu və ya digər səbəbdən (müəssisəsinin iflası, şəxsi münasibətlər müstəvisində qisasçılıq meyilinin yaranması, yaxud da tam başqa bir səbəb üzündən, fərqi yoxdur) etiraz elektoratına çevrilərək, bu cəmiyyətə transfer olunmuş tək-tək nümayəndələri də qısa bir zamandan sonra mexaniki surətdə başqa bir təbəqəyə, ya ictimai xadimlərin, ya da qələm əhlinin sırasına transfer olurlar. Bu “cəmiyyət”dəki mövcud, real təbəqələrin öz funksiyalarını zəruri səviyyədə yerinə yetirə bilməmələrinin, lazımi səviyyə sərgiləyə bilməmələrinin səbəblərindən biri, bəlkə də birincisi məhz bu qəbil transferlərdir. Necə deyərlər, hansısa qapı-pəncərə ustasının heç bir nəzəri hazırlıq olmadan mexaniki surətdə ictimai xadim ampluasına girməsi, yaxud da hansısa baytarın birdən-birə jurnalistə çevrilməsi nəticə etibarı ilə hər iki təbəqəni professional kretinizm mərəzinə yoluxmuş “saxta ziyalılar”, yarımçıq diletantlar yığnağına çevirir. Nə qədər acınacaqlı olsa da, bu gün özünü süni şəkildə Azərbaycan cəmiyyətinin fövqünə çıxarmaq istəyən və bu istəyin dalğasında təbii bir ətalətlə özünü cəmiyyətdən təcrid edən “ekspressionist azlıq cəmiyyəti” bu gün məhz bu durumdadır, “saxta ziyalılar” yığnağıdır.
”Ekspressionist azlıq cəmiyyəti”ni səciyyələndirən ikinci özəllik, bu cəmiyyətin daxili tənasübü üçün zəruri olan güc balansının kəskin pozulmasıdır ki, bunun da əsas səbəblərindən biri digər iki təbəqənin olmamasıdırsa, ikinci və ən başlıca səbəb, bu cəmiyyətdə qələm əhlinin qılınc əhlini həm say, həm də fəaliyyət imkanları baxımından üstələməsidir. Belə ki, özlərini ictimai-siyasi xadim təbəqəsinə güclə müncər etmiş bu insanların heç olmasa bu mikrocəmiyyətdə hakim mövqeyə çıxmaq istəklərini reallaşdırmaq imkanları de-fakto sıfra bərabərdir. Çünki bu yönlü fəaliyyətə zəmin yaradan ilkin şərt, digər iki təbəqə mövcud deyil, yəni güclü sosial baza yoxdur. Məhz o bazanın olmaması kimi obyektiv gerçəklik bu adamları bir-birini elektorat gözündə görməyə vadar edir. Məsələn, İsa Qəmbər mitinq təşkil etmək istəyəndə, digər partiya liderlərinin yürüşçülər sırasında olmasını tələb etmək məcburiyyətindədir; Lalə Şövkətin fikrincə isə hərəkatda digər təbəqələrin nümayəndələri olmasa belə, bu boşluğu Əli Kərimlilər və bu sıradan olan digər zəif fiqurlarla doldurmaq olar. Bu qəbil düşüncələr isə hər bir iddiaçının mənsub olduğu “saxta ziyalılar” yığnağının digər bütün üzvləri üzərində amirlik iştahını stimullaşdırır. Bu da mahiyyətcə “vahid liderlik” qovğası deməkdir ki, çağdaş Azərbaycan cəmiyyətinin normal kəsimi digər qütbdəki “ekspressionist azlıq cəmiyyəti”ndə müntəzəm xarakter almış bu anormal mübarizəyə artıq on ildir şahidlik edir. Məhz elektoratın olmaması ucbatından fəaliyyət imkanlarının məhdudlaşması bu təbəqəni öz içində didişməyə təhrik etməklə yanaşı, həm də o mikrocəmiyyətdəki digər təbəqə ilə mübarizədə miskin vəziyyətə salır. Belə ki, sosial qanunauyğunluqlar baxımından cəmiyyətin tənasübü naminə ictimai-siyasi xadimlər təbəbəqəsini tamamlamalı olan qələm əhli konkret halda tam zidd mövqedə dayanır, bir növ bu mikrocəmiyyətdə hakim qüvvəyə çevrilmək niyyəti sərgiləyir. Və açıq etiraf edilməlidir ki, buna nail olur. Bəli, əsasən radikal müxalifət təmsilçilərindən ibarət olan bu “ekspressionist azlıq cəmiyyəti”ndə siyasətin mətbuatın arxasınca süründüyü, özünü ictimai-siyasi xadim hesab edənlərin bərbər, sürücü, feldşer, aşpaz jurnalistlərin gölgəsində qaldıqları danılması mümkün olmayan reallıqdır. Amma bu üstünlük heç də on il ərzində latın qrafikasını öyrənə bilməyən qələm sahiblərinin intellektual səviyyəsinin siyasəti ekspropriasiya kimi qavrayan “ictimai-siyasi xadimlər”in səviyyəsindən yüksək olması ilə şərtlənməyərək, sadəcə, fəaliyyət imkanlarının nisbi genişliyi ilə bağlıdır. Çünki o xadimlərdən fərqli olaraq, qələm əhlinin öz mikrocəmiyyətlərinin məhdud kontingenti ilə yanaşı, normal qüvvələrin tənasübləşdirdiyi mütləq əksəriyyət cəmiyyətinə də çıxışları var. Məhz bu məqam “ekpressionist azlıqlar cəmiyyəti”nin ictimai xadimlərini qələm əhlindən asılı, müti vəziyyətə salır. Bəs bu qəbil anormallıq nə ilə nəticələnə bilər? Su oddan güclü olduğu hallarda mübarizə nə ilə nəticələnirsə onunla. Odun yerində qalan kül torpağa, tüstüsü – qazı havaya, bir sıra maddələr isə elə suyun özünə qarışıb yox olur. Və əslində, bu gün çağdaş Azərbaycan cəmiyyətinin mütləq əksəriyyət kəsimi digər qütbdəki “ekspressionist azlıq cəmiyyəti”ndə bu məntiqi sonluğu müşahidə edir: artıq özünütəcridin faciəsini hiss edənlərin bir qismi tikinti biznesinə, bir qismi də şou və yaxud təxminən bunabənzər şoulara transfer olur, əlindən ümumiyyətlə, heç nə gəlməyənlər isə hərəyə bir qəzet açmaqla öz mövcudiyyətlərini qorumağa cəhd edirlər. Beləliklə, yaxın gələcəkdə bu cırtdan cəmiyyətin tam yekcinsləşməsi, müxalifətin yalnız jurnalistikadan bixəbər jurnalistlər, başqa sözlə, söyüşkən “qəzet pələngləri” sürüsünə çevrilməsi ən real perspektivdir.
“İNTELLEKT”



Leave a comment