Nədə göstərə bilər özünü o sosial fəsadlar? İlk növbədə elektoratın siyasi aktiv kəsiminin düşüncə və həyat tərzlərinin qütbləşməsində; kosmopolit düşüncə ilə milli təfəkkür arasındakı psixoloji uçurumun düşmənçilik həddinə qədər dərinləşməsində. Bu yöndə səpilmiş zərərli toxumun artıq ilk cücərtiləri də mövcuddur. Məhz müxalifətin apardığı yanlış təbliğat nəticəsində Türkiyədə təhsil almış, xüsusən də bu ölkəyə 1992-1993-cü illərdə göndərilmiş gənclərdə belə bir rəy formalaşıb ki, Rusiyanın ali məktəblərində təhsil almış insanlar Azərbaycanın Rusiyanın təsir dairəsinə qaytarılmasında maraqlıdırlar. Avropada və Amerikada təhsil almış gənclərdə isə məhz Türkiyədə təhsil almış təbəqəyə qarşı bir inamsızlıq var. Onların da fikrincə, Türkiyədə təhsil alanlar fanatik millətçilik mərəzinə yoluxmuşlar və bu səbəbdən də ölkənin sivil inkişafına mane ola bilərlər. Ən dəhşətlisi isə odur ki, xaricdə təhsil alanların mütləq əksəriyyəti Azərbaycanın inkişaf modelini yalnız özünün tanıdığı, daha doğrusu, təhsil müddətində müşahidə etdiyi ölkənin modelinin tətbiqində görür. Buna səbəb nədir? Səbəb Azərbaycanın son 15 ildəki müstəqil inkişaf modelinin dəyərli cəhətlərinin kütləyə lazımınca çatdırılmamasında, izah olunmamasında, eyni zamanda, siyasi hakimiyyətə gəliş perspektivlərini hansısa xarici qüvvələrin dəstəyinə istinadən hesablayan, fəaliyyət imkanları bu qurumların qrant şəkilli ianələrindən asılı olan siyasi çevrələrin bu modelin yararsızlığını isbatlamaq yönündəki fəaliyyətidir. Milli modelin elmi nəzəri əsaslarının və praktiki faydalılıq əmsalının kütləyə tam aydınlığı ilə çatdırılmaması baxımından dövlət qurumlarının sərgilədiyi passivlik fonunda, siyasi ambisiyalı tərəflərin Azərbaycanda maraqları olan xarici qüvvələrə istinadən nümayiş etdirdiyi antimilli və antidövlətçi fəallıq nəticə etibarı ilə milli özünəinamın zəifləməsinə yönəlmiş bir dəst-xəttdir ki, bunun da məntiqi sonluğu “biz müstəqil yaşaya bilmərik”, “Amerikanın dəstəyi olmadan iqtisadi tərəqqi mümkün deyil”, “Rusiya əlini qoymasa Qarabağ probleminin həlli mümkün deyil” kimi yanlış təsəvvürlərin kütlə psixologiyasına hakim kəsilməsidir. Özündəninamsızlıq isə özündənimtinanın stimullaşdırıcısıdır. Bu aqibətlə üz-üzə qalmamaq üçün cəmiyyətin elmi elitası hərəkətə gəlməli, milli özünüdərklə bəşəriliyin fərqləri və üzvi bağlılığı kimi incə bir nüansın şüurlu qavranışının tərbiyə işinin prioritetinə çevrilməsi təmin olunmalıdır. Məsələn, hər hansı partiya sədrinin, yaxud deputatın, nazirin köməkçilərinin, müavinlərinin cəmiyyətə təqdimatında onun hansı xarici universitetlərdə təhsil alması, yaxud neçə xarici dil bilməsi kimi sırf şərti informasiyalar yox, həmin individin getdiyi ölkələrdə Azərbaycanı necə təmsil etməsi, ünsiyyətdə olduğu millətin mənəvi dəyərlərindən nəyi əxz etməsi, millətlərin yaxınlaşması yönündə konkret hansı addımlar atması, yaxud da öyrəndiklərini Azərbaycan reallığına necə tətbiq edilməsi kimi real həyat həqiqətlərinin diqqətə çatdırılması daha effektiv bir iş olar. Ən əsası, dünyəviləşmənin milli kökdən ayrılmanı yox, məhz milli özünəinamı tamamlayan bir komponent olduğu kimi elementar bir həqiqətin qavranışını asanlaşdırar.
Təbii ki, çox dil bilmək, tarixi ənənələri olan qabaqcıl universitetlərdə təhsil almaq yaxşıdır. Amma bu, doğma dilin unudulması, milli mentalitetdən imtina, milli təhsil sisteminə xorbaxma kimi subyektiv meyillərlə müşahidə olunanda bəşəriləşməyə yox, düşüncənin manqurtlaşmasına, milli təfəkkürdən uzaqlaşmaya, millət qarşısında məsuliyyətdən qaçmağa, Vətənin taleyinə biganəliyə yol açır. Və nə yazıq ki, çağdaş Azərbaycan cəmiyyətində məhz bu zərərli tendensiya yüksələn xətlə inkişaf edir. Xaricdə təhsil almışların mütləq əksəriyyəti özlərini Azərbaycanın inkişafına xidmət edən yolun fədailəri kimi yox, tanıyıb-bildikləri ölkələrin iqtisadi-siyasi modellərinin, həyat tərzlərinin Azərbaycanda mexaniki tətbiqinin təbliğatçıları kimi göstərirlər. Başqa sözlə, azərbaycanlı kimi yox, ingilis, fransız, alman, anadolu türkü, ərəb, fars kimi yaşamağa, düşünməyə meyillidirlər. Başqa cür mümkün deyilmi?
Salman Vilayətoğlu



Leave a comment