Xəstə təxəyyüllü, mənən şikəst özündəndahiciklərin qəzəbinə ilk tuş gələn Şah İsmayıl Xətai olub. O kəs ki, onun ömür yolu mənəviyyatın fazaları arasındakı fərqin əyani nümunəsidir. O kəs ki, ona mükəmməl təhsil verilmiş, məxsusi ideallar uğrunda mübarizəyə hazırlanmışdı və dövrünün reallıqları ilə müqayisədə kamillik mərtəbəsinə çox erkən yaşlarında yetmiş şəxsiyyət idi. Və məhz məxsusi idealların qapalı təlqini onun mənəvi zənginliyini şöhrətpərəstlik zəifliyinə düçar edərək “ölü mənəviyyat” səviyyəsinə qədər cılızlaşdırırdı. O, özündən asılı olmayaraq, müştəbehlikdən xəbər verən misraları bir-birinə calayırdı, özünü bir qoşuna bərabər güc sahibi, Yusif Peyğəmbər sifətli, hər yerdə cücərmək iqtidarında olan toxum kimi qələmə verirdi:
“Nə yerdə əksən bitərəm,
Xana çağırsan yetərəm.
Sufilər əlin tutaram,
Qazilər, deyin şah mənəm.
Qırmızı taclı boz atlı,
Ağır leşkərə nisbətli.
Yusif Peyğəmbər sifətli!!!
Qazilər, deyin şah mənəm”.
Bu, həyatı lələlərindən öyrənən İsmayılın məqsədi, idealları idi: şah olmaq, “mən”inə xidmət etmək, şöhrət zirvəsinə yetmək istəyi ilə çırpınırdı. Nəhayət, onun gözlədiyi məqam yetdi. O, lələlərinin təlqin etdiyi ideallar uğrunda ölüm-dirim savaşına qalxdı. İndi onun qazandığı biliklər, əqli və mənəvi potensialı Səfəvi xanədanı yaratmaq istəyən Ərdəbil şeyxlərinin ali məqsədinə – şiə dövləti yaratmaq məqsədinə yönəldilmişdi və İsmayıl bu məqsədə aparan yolda vasitə idi – şiəliyə görə daha çox məhrumiyyətlərə düçar olmuş nəslin davamçısı və zəngin bilik sahibi kimi hərəkata cəlbedicilik gətirən bir vasitə. Və 14 yaşlı “lider”in ali məqsədi düşüncə süzgəcindən tam keçirməməsi üçün yönləndiriciləri onu qisasçılıq hissləri ilə yükləyirdilər. O isə bu yükün təsiri ilə deyirdi:
“Hənuz, Şah Heydərin qanı qalıbdır.
Yezidə bir dəxi güllü qəran var”.
Babası Cüneydin qatili Xəlilullahın cəsədini qəbirdən çıxarıb yandırandan, atası Heydərin qətlinə baiskar bildiyi Fərrux Yassarın kəsilmiş başını ayaqları altında görəndən sonra belə, o, həyatının ali məqsədini təmsil etdiyi zümrənin – Ərdəbil şeyxlərinin ali məqsədinin reallaşmasında görürdü:
“Səfər qıl, durma, ey Xətai!!!
Ki, şəhri Ərdəbildə bir xanədan var”.
Bu, çərçivəli, məhdud mənəviyyatın təzahürü idi.
Dünyadan təcrid qaydasında təlqin metodu ilə mənimsənilmiş ideallar reallaşdıqdan, qəzəb-qisas hissləri sovuşandan sonra bu idealları reallaşdırmaq üçün apardığı döyüşlərdə gördüyü real həyatı idrak süzgəcindən keçirən; şiəliyin əqidəyə çevrilməsi yolunda mübarizələrdə ömrünü qoymuş babası Cüneydin sünni Uzun Həsənin bacısı Xədicə bəyimlə, Şeyx Heydərin atası sünni Uzun Həsən, anası xristian Trabzon hökmdarının qızı Despinə xatun olan Martayla – Ələmşahbəyimlə evlənməsi gerçəklikləri müqabilində təşviq etdiyi təriqət fanatikliyinin mayasında nələrin durduğunu özü üçün aydınlaşdıran Şah İsmayıl isə tamam başqa nəsnələrdən danışırdı:
“Könül seyranda gəzərkən,
Şah gəldi qondu saraya…”
Bu, artıq bir insanın təlqindən öyrəndiklərinin təbiətlə təmasdan, cəmiyyətlə ünsiyyətdən sonra ağıl süzgəcindən keçmiş ifadəsiydi, özünüdərk mərhələsinin başlanğıcı idi. Və o da tarixi reallıqdır ki, 14 yaşında şiəliyi qəbul etməməyə görə ixtiyar yaşlı Bakı axundunu diri-diri torpağa basdırmağı əmr edən, 16-17 yaşında saysız qələbələrdən qanadlanaraq dünya fatehliyi həvəsiylə alovlanan İsmayıl qəflətən döyüş ruhundan düşür, hətta özündən qat-qat zəif olan rəqiblərinin hədələrinə məhəl qoymadan, hər mümkün vasitə ilə müharibədən, qan-qadadan yayınmağa çalışır. Şiəliyin alovlu mübarizi Bağdad qul bazarına gələrək, şiəlik əleyhinə döyüşlərdə əsir düşmüş və qul kimi bazara çıxarılmış on nəfəri satın alaraq azadlığa buraxır. Hətta onun taleyinin dönüş nöqtəsi olan Çaldıran döyüşündən belə mümkün vasitələrlə yayınmağa çalışır…
“...Əgər əvvəlki döyüşlər intiqam almaq həvəsiylə, vahid dövlət yaratmaq və bu dövləti qorumaq niyyətiylə aparılırdısa, Sultan Səlimlə vuruşmaq Şah İsmayılın nə arzusuydu, nə də məqsədi. Bu müharibəyə o, məcburiyyət qarşısında girişmişdi. Sultan Səlimin təhqiramiz məktubları, lovğa ədaları, yekəxana hərəkətləri cavabsız qalmamalıydı…
Döyüşdə qalib gəlmək üçün hər cür fəndə əl atmaq məqbuldur, Şeybani xanı hiylə ilə məğlub edən Şah İsmayıl bunu yaxşı bilirdi. Çaldıran döyüşü ərəfəsində hərbi məşvərətdə də belə taktikaya əl atmaq məsələsi qaldırılır… Şah İsmayıl gecə basqını təklifini rədd edir: “Mən karvan yolu kəsən harami deyiləm!”
Bunu kim deyir: Şah İsmayılmı, şair Xətaimi?!
Güclü düşmənlə döyüş ərəfəsində əmirlərə də, qoşuna da həyatdan zövq almaq imkanı verilir. Buna yol verən sərkərdə İsmayıldırmı, şair Xətaimi?!
Çaldıran döyüşü başlanan zaman, bəzi məxəzlərə görə, Şah bir dəstə qoruyucusu ilə birlikdə bildirçin ovuna çıxıbmış… Bu, qoşun başçısının etinasızlığıdırmı, yoxsa şair qəribəliyimi?!
Döyüş vaxtı ən qiymətli sənətkarlar, o cümlədən Behzad mağarada gizlədiliblərmiş. Şahın arvadları Bəhruzə xanım, Taclı xanım döyüşçü libasında savaş meydanında vuruşurdular. Buna Şah necə baxırdı, şair nə deyirdi?!”
İlk baxışda bu suallar şəxsiyyətin ikiləşməsindən doğan heyrətin ifadəsi kimi səslənir. Əslində isə Şah İsmayılın xarakterində heç bir haçalanma yox idi. Nəzərdən keçirdiyimiz situasiyaların hamısında o, bütöv xarakteri ilə dayanır gözümüz qarşısında. Sadəcə, biz birində təlqin edilmiş idealların daşıyıcısını, digərində isə artıq həyata öz baxışları olan, dağıdıcı təfəkkürün heçliyini, yaradıcı təfəkkürün əbədiyaşarlığını anlamış, qılıncla qəbul etdirilən inamın faciələrini dərk etmiş kamil şəxsiyyəti, SAF MƏNƏVİYYAT DAŞIYICISInı görürük. Onu müharibəyə sürükləyən Sultan Səlim də zəngin bilik yiyəsiydi, o da hakimiyyət üçün xüsusi təlim görmüşdü, öz millətinin yox, dayılarının dilində-farsca olsa belə, o da şeirlər yazırdı… Çaldıranda o, “qələbə” də qazandı, Xətainin əsir düşmüş arvadını saray şairi Cəfər Çələbiyə ərə verdi. Amma o, tarixin yaddaşında yalnız və yalnız hakimiyyət naminə atasını və qardaşlarını qətlə yetirən cəllad kimi əbədiləşdi. Çünki onu hakimiyyətə hazırlayan ana qohumlarının təlqin etdikləri ölü mənəviyyatın təsirindən heç zaman çıxa bilmədi: əldə etdiyi zəngin bilikləri öz idrak süzgəcindən keçirib həyatın əsl mənasını duya bilmədi. İNSAN O ZAMAN KÖLƏ OLUR Kİ, GÜCLƏ ONA AŞILANAN ÖZGƏ FİKRİNƏ, ÖZÜNÜN OLMAYAN İDEALA BAŞ ƏYİR. Sultan Səlim bu taleyi yaşadı, özü düşünməkdən əl çəkərək, özgə idealının quluna, türk-müsəlman birliyinin qatı düşməni olan bir ovuc ana qohumunun maraqlarına xidmət edən məhdud çərçivəli mənəviyyat sahibi qismətinə boyun əydi. Şah İsmayıl isə hələ Çaldırandan çox-çox öncə dünyəvi həqiqətlər içindən həyatın qayəsi olan həqiqəti seçə bilmişdi və “Şəriət, təriqət, mərifət haqdır; həqiqət odu var ondan içəri” – deyə haray çəkir, “Sən məndəsən, mən səndəyəm; nə sən olur, nə mən olur!!!” – deyərək müasirlərini həyatın mahiyyətini dərk etməyə çağırır, hər kəsi –
“Niyə gəldik, nə gətirdik cahanə,
Nə itərsən axirət cavidanə?
Nə idin aləmi vəhdətdə söylə,
Bu kəsrək evinə düşdün ki, böylə?”
şəkilli suallara cavab axtarmağa səsləyir, ortodoksal islamın tüğyan etdiyi bir dövrdə özü də dini ideallar dalğasında hakimiyyətə gəlməsinə baxmayaraq, Nəsimi ideallarındakı həqiqəti dərk etdiyini cəsarətlə dilə gətirirdi:
“Seyyid Nəsimini zahidlər üzdü,
İncimədi həqdən gələn cəfayə”.
Bəli, o, artıq 14-15 yaşında olduğu kimi qana susamış qisasçı deyildi, o, artıq dünyəvi tərəqqinin yeganə yolunun elmdən, müdriklikdən, sənətdən, bir sözlə, yaşamaq – dünyanı duymaq, gözəlliyi qiymətləndirmək qabiliyyətindən keçdiyini dərk edərək, –
“Bu gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar avazım.
Dörd şey vardır bir qarındaşa lazım:
Bir elim, bir kəlam, bir nəfəs, bir saz”. –
söyləyirdi və dediklərinə son dərəcə dəqiqliklə əməl edir, dünyanın qisas hissi ilə yandığı bir dövrdə humanistlik sərgiləyir, dinlərin bir-birinə düşmən kəsildiyi, bir-birinin məhvinə fitva verdiyi bir əsrdə dini tolerantlıq nümayiş etdirirdi. Məşhur sovet islamşünas alimi İ.İ.Petruşevski də Şah İsmayıl şəxsiyyətinə diqqət yetirərək ciddi məxəzlərə istinadən göstərirdi ki, “…Şah İsmayılın böyük nüfuzu vardı. Avropa səyyahları qeyd edirdilər ki, bütün ölkədə Allahın adı unudulub, dildə-dodaqda yalnız İsmayılın adı gəzir. Gürcü çarlarının xahişi ilə onlara yardım edən Şah İsmayılın həm oradakı, həm də öz ölkəsindəki xaçpərəstlərlə mülayim rəftarı onun nüfuzunu Avropada da artırırdı. Şah İsmayılın hakimiyyətinin son 15 ilini Şərqdə elmin və incəsənətin tərəqqi dövrü kimi səciyyələndirmək olar. Miniatür sənətinin ən parlaq inkişaf dövrü də məhz bu vaxtlara təsadüf edir. Dövrünün ən istedadlı sənətkarlarına, alimlərinə sarayda hər cür şərait yaradılmışdı, Şah İsmayıl onları qorumağı özünün borcu sayırdı”..
Bir daha təkrar etməyə dəyər ki, bu, tarixi quru rəqəmlər və faktlar toplusu kimi tədqiq edən bəzi alimlərin qələmə vermək istədiyi kimi daxili təlatümlər və xarakterdəki ziddiyyətlər səbəbiylə şəxsiyyətin ikiləşməsi deyildi. Əksinə, xarakterin və əqidənin bütövləşməsindən sonra şəxsiyyətin özünüifadəsi idi. Özünüdərk mərhələsində dünyaya baxışlar dəqiqləşdikdən, fərd öz həyat kredosunu dəqiqləşdirdikdən sonra özünüifadə prinsipial, dönməz xarakter alır, bəzi hallarda isə sərtlik və amansızlıq təsiri bağışlayır. Əslində isə bu amansızlıq heç də adi hallarda olduğu kimi qəzəb və qisas hisslərinin törəməsi olmayıb, mənən zəngin şəxsiyyətin özünəinamının təzahürüdür.
Belə ki, əqli potensialı bəşəri idealların reallaşmasına yönəlmiş kamil şəxsiyyətin fəaliyyət prinsipləri də məqsədin özü qədər aydın və konkret olur. Bu halda haqq yolunda olduğunu dərk etmiş insanın qarşısında dayanmaq sadəcə, mümkün deyil; o, bütün maneələri dəf etmək gücündədir. Çünki həyat qayəsinə çevrilən ali məqsədin müəyyənləşdirilməsi birmənalı şəkildə dünyagörüşünə və yaradıcı təfəkkürə söykənən şəxsi seçimdir. Şəxsi seçim isə mütləq anlamda həm fəaliyyət üçün, həm də onun nəticələri üçün şəxsi məsuliyyət deməkdir. Məhz bu amil – şəxsi məsuliyyət hissi saf mənəviyyat sahiblərinin həyatında mühüm rol oynayan məziyyətlərdən biri, bəlkə də birincisidir ki, Şah İsmayıl da məhz bunu nümayiş etdirməklə dahilik zirvəsinə yüksəlmişdi. Nədəydi onun dahiliyi? İlk növbədə bəşəri təfəkkürü dini dözümlülük məcrasına yönəltməsində, milli təfəkkürü orta əsrlərin hegemon ərəb təsirindən xilas etməsində və ən nəhayət, dağıdıcı təfəkkürdən qətiyyətlə imtina edərək yaradıcı təfəkkürü həyat tərzinə çevirməsində. Bunca tarixi xidmətlər göstərmiş bir tarixi şəxsiyyəti həyatının tək bircə epizoduna-Sultan Səlimlə müharibə etdiyinə görə ittham etmək ən azı milli mənlik təfəkkürünə zərbə vurmaq, millətin müqəddəs dəyərlərinə xəyanət etməkdir. Biryolluq başa düşülməlidir ki, Xətai türkə yox, türk-müsəlman birliyini dağıtmağa yönəlik fars siyasətini kor-koranə qəbul etmiş bir nadana, fars dayılarının təsirindən qopa bilməyən Sultan Səlimin dağıdıcı təfəkkürünə düşmən idi. Dahilərə divan tutmaq kimi sərsəm bir məşğuliyyətə qurşanmış psevdoalimlərin bu qəbil mətləbləri başa düşməsi təbii ki, mümkünsüzdür. Və bu düşüncə kasadlığının nəticəsidir ki, bu psevdoziyalılar sürüsü növbəti efir vaxtında əvvəlkindən də betər qələtə yol verdi, Mirzə Cəlilin üstünə yürüdü.
Kimdi Cəlil Məmmədquluzadə? Onun milli təfəkkürümüzdə dahi kimi səciyyələnməsini şərtləndirən amillər hansılardır?
SALMAN VİLAYƏTOĞLU



Leave a comment