Bu və ya digər cəmiyyətdə narazı sosial təbəqələrin, etirazçı siyasi zümrələrin, inqilabi dəyişikliklərə meyilli radikal kəsimlərin olması təbii, təbii olduğu qədər də məntiqi bir haldır. Çünki bu qüvvələrin mövcudluğu ümumən bəşəri təkamülün stimullaşdırıcı amilidir. Amma politoloji və sosioloji nəzəriyyələrdə aksioma kimi qəbul olunan bu qanunauyğunluğu milli mənəvi dəyərlər müstəvisinə heç bir şərt daxilində şamil etmək mümkün deyil. Ən azı ona görə ki, digər dəyərlərdən fərqli olaraq mənəvi dəyərlər konkret zaman və məkan çərçivəsində hər hansı ictimai-siyasi, yaxud elmi texniki-prosesin məhsulu şəklində ortaya çıxan, ictimai mahiyyəti ilə yanaşı, həm də fərdi mahiyyət kəsb etməyə meyilli olan maddi şey deyil; o, ümumbəşəri mövcudluğun ilkinliyindən üzü bəri qazanılmış təcrübənin etnogenetik idrak süzgəcindən keçirilərək mənimsənilməsi nəticəsində insanın şüuraltısında daşlaşan bütöv bir kompleksdir və bu kompleks fərdlərin ictimailəşməsi üçün zəruri baza funksiyası yerinə yetirsə də, özü heç bir halda, heç bir şərt daxilində fərdiləşmir. Fərdiləşə bilməz də. Məhz buna görədir ki, maddi dəyərlərdən fərqli olaraq mənəvi dəyərlər heç bir zaman alqı-satqı predmetinə çevrilmir, çevrilə də bilməz. Çünki onun məzənnəsini müəyyənləşdirmək, ekvivalentini tapmaq mümkün deyil. Kantın təbirincə desək, “…dünyada mövcud olan nə varsa, hamısının ya QİYMƏTİ, ya da MƏNƏVİ DƏYƏRİ var. Qiyməti olan hər şeyi ekvivalenti olan başqa bir şeylə əvəz etmək mümkündür. Heç bir ekvivalentlə əvəzlənməsi mümkün olmayan, bütün qiymətlərin fövqündə dayanan şeylərinsə mənəvi dəyəri olur”. Dahilər də mənəvi sərvətdir və hər bir millət bəşəriyyətə verdiyi dahilər qədərində böyük, qüdrətli və yenilməzdir. Çünki dahilərin bəşəri tərəqqiyə təkan verən xidmətləri heç bir ekvivalentlə əvəzlənə bilməz; kimsə o xidmətlərin bəhrəsinin maddi qarşılığını hesablaya bilməz. Bunun belə olduğunu görmək üçün adicə bir misala diqqət yetirmək kifayətdir.
Nəsirəddin Tusi Ələmud zindanın yarımqaranlıq hücrələrindən birində “Təhrir Öqlidis” əsərini yazanda özünün dahi olduğunun fərqində deyildi; heç bu əsərinin bəşəriyyətin tərəqqisində müstəsna əhəmiyyətli bir bünövrə olacağı barədə də düşünmürdü. O, sadəcə, öz missiyasını yerinə yetirirdi. Amma o əsərə istinadən Kopernik öz sistemini formalaşdırdı; Kopernik sistemindən bəhrələnən Kepler özünün üç məşhur qanununa imza atdı; Qaliley Kepler qanunları əsasında mexanikanın əsas təlimini sistemləşdirdi; Qalileyin sistemi Nyutona ümumdünya cazibə qanununu kəşf etmək imkanı verdi və nəhayət, Tsialkovskinin kosmik nəzəriyyəsi meydana çıxdı, bəşər övladı qalaktikanı tədqiq imkanları əldə etdi. Bundan sonra Korolyovların, Yusif Məmmədəliyevlərin yetişməsi qaçılması mümkün olmayan zərurət idi və bu zərurət hələ min illər boyunca yeni-yeni dühaların üzə çıxmasında başlıca stimullaşdırıcı olacaq. İndi gəlin bəşəri tərəqqiyə verdiyi xeyir müqabilində “Təhrir Öqlidis”in qiymətini, onu yaratmış dühanın zəhmətinin dəyərini hesablamağa çalışaq. Mümkündürmü belə bir şey?!. Təbii ki, yox. Bəli, mənəvi dəyərlər bütün qiymətlərin fövqündədir. Yəni əslində belə olmalıdır. Amma nə yazıq ki, cılız məqsəd, ötəri populyarlıq, ucuz şöhrət, hətta şəhvani həzz naminə bu cür dəyərlərə məzənnə qoymaq istəyənlər də, ali hissləri manipulyasiya predmetinə çevirmək niyyətinə düşənlər də olur. Min dəfə təəssüflər ki, bu qəbil varlıqlara, özləri özlərini hətta dahilərə divan tutmaq haqqına layiq persona kimi dəyərləndirən bioloji vücud sahiblərinə efir vaxtı verənlər də, maddi himayədarlıq edənlər də, hətta qahmar çıxanlar da tapılır. Məhz bu havadarların, qahmarların, himayədarların sayəsində xəstə təxəyyülün məhsulu olan düşük fikirlərin, qərəzli mülahizələrin ictimai fikrə yeridilməsinə, mənəvi dəyərlərin “dəyərsizləşdirilməsi”nə cəhd edilir. Nə qədər acı olsa da, bu cür eybəcərliyə şahidlik etmək, bu qəbil rəzalətin seyrçisi olmaq qisməti çağdaş Azərbaycan insanını qarabaqara izləyir. Bəli, çağdaş Azərbaycan insanı mavi ekran qarşısında əyləşib diletantlar dəstəsinin bu azərbaycanlıların bir millət kimi formalaşmasında müstəsna tarixi xidmətlər göstərmiş dahilərə necə “divan tutma”sına tamaşa etmək məcburiyyətindədir. Bəs bu “divan tutanlar”ın özləri kimlərdir, divan tutma haqları haradandır və məqsədləri nədir? Bu suala tam dolğunluğu ilə cavab tapmaq üçün bir sıra məsələlərə həm fəlsəfi kateqoriyalar, həm də ictimai-siyasi qanunauyğunluqlar baxımından aydınlıq gətirməyə ehtiyac duyulur ki, bu da istər-istəməz “divan tutulanlar”la “divan tutanlar”ın fərdi şəxsi keyfiyyətlərinin tarixi və psixoloji müstəvilərdə incələnməsini zəruriləşdirir. Odur ki, ilk növbədə “dahilik nədir, dahilər necə müəyyənləşdirilir, dahiləri təftiş etmək səlahiyyəti kimlərə və hansı əsaslarla verilir” suallarına aydınlıq gətirməyə çalışaq.



Leave a comment