… Lyuçiya Qaleattsi. XVIII əsrin ortalarında Boloniya Universitetinin ən istedadlı tələbələri sırasında professor Qaleattsinin qızı Lyuçiyanın adı həmişə birinci olub. Bununla belə, müasiri olan digər qadın tələbələrdən fərqli olaraq Lyuçiyanın adı alimlər sırasında heç vaxt çəkilməyib. Atasının və əri Luici Qalvaninin Boloniya Universitetindəki, eləcə də ümumən cəmiyyətdəki nüfuzları müqabilində bu bir qədər parodoksal görünsə də, Lyuçiyanın elm ulduzları sırasında parlamamasının əsl səbəbi də elə əri ilə bağlıdır. Məsələ bundadır ki, Lyuçiya öz sevimli müəllimi, anatomiya kafedrasının müdiri, akuşerlik elminin banisi Qalvani ilə evləndikdən sonra həyatını bütünlüklə ailəsinə həsr etməyə, dahi alim kimi dəyərləndirdiyi ərinə hərtərəfli yardımçı olmağa qərar vermişdi. Onun fikrincə, Qalvani elmə daha çox xeyir verə bilərdi və bu səbəbdən də özü müstəqil şəkildə elmlə məşğul olmaqdan könüllü şəkildə imtina edərək, ərini məişət qayğılarından maksimum azad etməyə, onun elmi axtarışlarını rahatlıqla davam etdirməsi üçün maksimum şərait yaratmağa çalışırdı. Bu, sözün mütləq anlamında bir insani fədakarlıq idi, sevgi yolunda özünü qurban vermək idi. Bununla belə, müasirlərinin şahidliyinə görə, ailə qayğılarından başı açılan kimi, Lyuçiya onsuz da az olan asudə vaxtını da bütünlüklə ərinə həsr edir, onun elmi eksperimentlərdə ona assistentlik edirdi. Hətta bəzi mənbələrdə bildirilir ki, “əzələlərdəki elektrik yükü”nü məhz Lyuçiya kəşf edib, amma ərinə dərin hörmət naminə Qalvaninin adına yazdırıb. Müasir elektrofiziologiyanın banisi sayılan Ernest Byübua Reymonun əsərlərindən birində də bu məsələyə toxunularaq, Lyuçiyanın şərəfinə yazılmış bir sonatadan nümunə gətirilir. O sonatada açıq mətnlə deyilir ki, “Ulu Yaradan ən böyük sirlərindən birini, ölü qurbağanın timsalında məhz sənə açıb, incə qəlbli mühazirəçi xanım”. Bədii ədəbiyyatda yer almış bu versiyanı rəsmən təsdiqləyəcək heç bir sübut olmasa da, Lyuçiyanın Qalvaninin üç assistentindən biri olduğu və onun ölümünün Qalvanini çıxılmaz depressiyaya saldığı tarixi sənədlərdə əksini tapmış reallıqdır. Bəli, o, Laura Bassidən də, müasiri olmuş digər dörd akademikdən də çox şöhrətlənə bilərdi. Hər halda digərlərindən fərqli olaraq, Lyuçiyaya hərtərəfli kömək edə biləcək professor atası qabaqdaydı. Amma Lyuçiya Ulu Tanrının qadınlığın ali məziyyəti kimi təsniflədiyi səadəti-analıq şərəfini, ilahi sevgini və onun ən ümdə dəyəri olan ailə müqəddəsliyini daha üstün tutdu.
Gender bərabərliyi bu gün də ən çox müzakirə olunan mövzulardandır. Bu barədə danışanda Lyuçiya Qalvaninin nümayiş etdirdiyi fədakarlıq nümunəsinə daha çox diqqət yetirmək heç də pis olmazdı…
Odər Fateh



Leave a comment