Az qala 1000 illik tarixi olan Boloniya Universiteti hələ XIV əsrdə bu cür şöhrətlənməsinə görə görkəmli təbib və filosof Covanni Bukkiyə minnətdar olmalıdır. Qadın əməyinə münasibət bəşəri təkamülün heç bir mərhələsində, hətta dinlərin hələ cəmiyyət həyatına birbaşa müdaxiləsindən əvvəl də birmənalı olmayıb. Fiziki ölçülərinə görə “güclü cins” kimi xarakterizə olunan kişilər, məkan və zaman fərqlərindən asılı olmayaraq, hər yerdə və həmişə zərif cins üzərində hökmranlığa can atıblar. Bəzən tarixi zərurət, bəzən də sadəcə psixoloji komplekslər səbəbiylə qadınların fiziki əməyindən istifadə edən, hərb baxımından çətin məqamlarda onların gücündən yararlanan “güclü cins” nümayəndələri nədənsə “qadın ağılı”na həmişə şübhə ilə yanaşıblar; onların nəsihət və tövciyələrini şeytan vəsvəsəsi kimi dəyərləndirməyə meyilli olublar. Bir sözlə, qadının cəmiyyətdəki roluna münasibətdə dilindən, dinindən, irqindən asılı olmayaraq bütün kişilər mühafizəkar mövqe nümayiş etdirməkdə daha maraqlı görünürlər. Bu, təkcə qədim keçmişdə, yaxud dinin mütləq hakim mövqeyə çıxdığı orta əsrlərdə belə olmayıb. Elə müasir dünyada, gender bərabərliyini formal olaraq qəbul etmiş müasir cəmiyyətlərdə də vəziyyət təxminən eynidir. Rəsmi şəkildə hüquq bərabərliyi elan olunub, bu statuslar qanunvericilik baxımından təsbitlənsə də, dünyanın heç bir ölkəsində əqli işlə, siyasətlə məşğul olan qadınların xüsusi çəkisi 50:50 nisbətinə yaxınlaşmır. İdarəçilik strukturlarında isə bu nisbət böyük hesabla kişilərin xeyrinədir. Bu, heç də o demək deyil ki, bir çoxlarının iddia etdiyi kimi, kişilərlə müqayisədə “qadınların əqli inkişaf tempi çox zəifdir”. Əksinə, təbabət elmi birmənalı şəkildə sübut edir ki, qadınlar əqli işlə bağlı parametrlərin bir çoxu üzrə, xüsusən də qavrama sürətinə, yaddaş və dözümlülük əmsallarına görə kişiləri çox böyük fərqlə geridə qoyurlar. Ən əsası, əqli işlə müntəzəm məşğul olan kişilərin hər yüzündən yetmişi sklerozdan əziyyət çəkdiyi halda, qadınlar arasında bu problemə çox nadir hallarda rast gəlinir. Amma bununla belə, “güclü cins” öz hakim mövqeyini qorumaqda israrlıdır və çox böyük ehtimalla, bu, qadınların ağlının dayazlığı ilə yox, kişilərin tarixən doqmalaşmış sosial statuslarını itirmək qorxusu qarşısındakı psixoloji refleksləri ilə şərtlənir. Bu, həmişə belə olub: Misir fironlarının dövründə də beləydi, köhnə eranın sonları ilə yeni eranın ilkinliyində misilsiz resonans dövrü yaşayan yunan-roma imperiyalarında da, qüdrətli Albaniya hökmdarlarının zamanında da. Dinlərin cəmiyyət həyatında hakim mövqeyə çıxmasından sonra vəziyyət daha da qəlizləşdi. Xürafatın elmə qarşı açıq cihad elan etdiyi orta əsrlərdə təbii ki, qadının hər hansı şəkildə elm öyrənməsi sadəcə, mümkünsüz idi. Hətta “güclü cins” nümayəndələrinin kilsələrin, məscidlərin, sinaqoqların təzyiqinə tab gətirmədiyi, inkvizisiya və şəriət məhkəmələrinin amansız hökmlərinin gündəlik yaşayış tərzinə çevrildiyi bir zamanda qadınların elm öyrənməsinə icazə vermək, xüsusən din xadimlərinin şeytan əməli kimi təsniflədiyi tibb elmi ilə məşğul olmasını rəsmiləşdirmək inanılmaz risk idi. Amma Boloniya Universitetinin professoru Covanni Bukki bunu etməyə özündə güc tapdı…
Ümumiyyətlə, Boloniya Universiteti Avropa məkanında hüquq və fəlsəfə ilə yanaşı, dəqiq elmlərə xüsusi diqqət yetirən ilk təhsil ocağı kimi səciyyələnir. Belə ki, hələ XII əsrdə florensiyalı Lot bu universitetdə fizikanı fəlsəfədən ayıraraq, ayrıca bir ixtisas kimi öyrənilməsinin əsasını qoymuşdu. Onun müasiri olmuş Lyusi Lutsi fizikanın ayrıca bir ixtisas kimi öyrənilməsindən bir neçə il sonra tətbiqi təbabətin məxsusi elm sahəsi kimi inkişafının əsasını qoymuş və universitetin nəzdində anatomiya kafedrası yaratmağa müvəffəq olmuşdu. Covanni Bukki Lutsidən təxminən iki əsr sonra yaşasa da, onun davamçılarından sayılırdı və əxlaq fəlsəfəsi ilə tətbiqi təbabəti uğurla sintez etmişdi. Lutsinin təşkil etdiyi anatomiya kafedrasında əsasən meyitlər üzərində araşdırmalar aparılaraq insan və heyvan orqanizmlərinin fərqləri və oxşarlıqlarını öyrənirdilərsə, Bukkinin təbabət və əxlaq fəlsəfəsi kafedrasında daha genişmiqyaslı tədqiqatlar aparılır; insan sağlamlığında sağlam həyat tərzinin roluna daha çox diqqət yetirilirdi. Və məhz Covanni Bukki ilk dəfə sosial statusa görə cinslər arasında fərq qoyulmasının ümumən cəmiyyətin inkişafı üçün problem olduğunu elmi hipotez kimi irəli sürərək, qadınların sağlam nəsil yetişdirmək baxımdan xüsusi əhəmiyyət daşıdığını birmənalı şəkildə bəyanlamış və həkim qadınlar yetişdirilməsinin vacibliyində israr göstərmişdi. Çünki o, yaşadığı zəmanədə qadınların kişi həkimlərə müraciət etməsinin cəmiyyətin qadağa və qınaqları baxımından sadəcə mümkünsüz olduğu həqiqətini bilirdi. Onu da bilirdi ki, XIV əsr Boloniyasında kimsə öz qızının və ya arvadının universitetlərə getməsinə, gecə-gündüz laboratoriya günclərində ilişib qalan yüzlərlə kişi arasında oxuyub-işləməsinə icazə verməz. Daha doğrusu, kimsə buna cəsarət etməzdi… Bu həqiqəti dərk edən Covanni Bukki cəmiyyətin mühafizəkar kəsiminin, xüsusən də cəhaləti həyat normasına çevirməkdə israrlı olan din xadimlərinin qarşısına tək-tənha çıxmağa qərar verdi və öz yeganə qızını-DOROTEYA BUKKİni universitetin həkim tələbələrinin sırasına daxil etdi. Həkimliyi “dəmir ürək tələb edən kişi peşəsi” kimi dəyərləndirənlərin gözləntilərinin əksinə olaraq Doroteya nəinki təhsilini yarımçıq qoymadı, əksinə, kişi həmkarlarına dözümün, əzmkarlığın, cəsarətliliyin əyani nümunəsini göstərdi. Hətta o, bir həkim-alim kimi elə bir nüfuz qazandı ki, Covanni Bukkinin vəfatından sonra tətbiqi təbabət və əxlaq fəlsəfəsi kafedrasına kimin başçılıq etməsi məsələsi gündəmə gələndə, bütün kişi həmkarları yekdilliklə onun namizədliyi üzərində dayandılar. Beləliklə də, XV əsrin ilk onilliyində tarixə ilk qadın kafedra müdirinin adı yazıldı: Doroteya Bukki.
Ardı var….



Leave a comment