
Qarğıyanın haqqı varsa, qarğısın.
Bu nə dərddi haqsız məni qarğıyır…
İki başı əgər varsa, qarğışın
Tanrı niyə təkcə məni qarğıyır
Niyə canım təkcə mənin ağrıyır…
—————————————————————————
Bu qismətmiş… təkin canı təkdi tək…
Tək canıma Allah dərdi əkdi! Çək…
Dərd sənindi… Çək ki canım çək ki çək…
Sanma dərdə özgə kimsə ağrıyır
Dərdi görüb, kimsə dinsə, ağrıyır…
—————————————————————————
Vaysılanma…dərdə dözmək nər işi
Dərdi bilməz dərdə dözməz hər kişi…
Necə dönsə bu dünyanın gərdişi
Dərd ki gəldi…gecə-gündüz ağrıyır
Heç ovunmur… elə düm-düz ağrıyır…
—————————————————————————
Kimsə səni anlamasa dərd deyil!!!
Bəndə fikri mizan deyil! Sədd deyil!!!
Dərdlilərə dərd gətirən mərd deyil!
Nahaqq sözdən könül yaman ağrıyır
Ürəyinə şübhə daman ağrıyır…
—————————————————————————
Düşmən dostsa, dost yaddısa…dad haray…
Zəhər dildə bal daddısa…dad haray…
Güman səni aldatdısa…dad haray…
Düz deyilsə, elə güman ağrıyır…
Düşmənindən aman uman ağrıyır…
—————————————————————————
Bu dünyanın qeyri-qalu sirdimi?
Qarğışlının dərdi-səri birdimi?
Şeytan əgər bircə qəlbə girdimi
O qəlb elə ağrıdıqca ağrıyır
Bu dünyanı qarğıdıqca qarğıyır…



Leave a comment