Ötən söhbətimizdə çağdaş Azərbaycan dövlətçiliyinin banisi və şəriksiz qurucusu Heydər Əliyevin təhsilə, elmə, ziyalılığa və ziyalıya münasibətindən söhbət açmış, onun münasibətinin məntiqi davamı olaraq bu gün təhsil sisteminin hakim siyasi qüvvənin hərtərəfli qayğısı ilə əhatə olunduğunu söyləmişdik. Bəs bunca yüksək qayğı müqabilində Azərbaycan cocuğu məktəblərdə hansı reallıqlarla üz-üzədir; hakim siyasi qüvvənin təhsillə bağlı strateji planlarını reallaşdırmalı olan Təhsil Nazirliyi öz üzərinə düşən vəzifənin öhdəsindən nə dərəcədə peşəkarlıqla gəlir?
Bu suala bu gün birmənalı cavab vermək sadəcə, mümkün deyil. Birmənalı qəbul olunan yeganə mütləq həqiqət odur ki, Təhsil Nazirliyi hərtərəfli dünyagörüşə malik insan, peşəkarlıq səviyyəsi şübhə doğurmayan mütəxəssis, intellektual səviyyəsi ilə seçilən ziyalı, yaradıcı təfəkkürə malik kamil şəxsiyyət hazırlığı üçün zəruri olan texnoloji prosesləri elə mükəmməl səviyyədə qurmalı, bu proseslərə nəzarəti həyata keçirməli olan kadrları elə seçməlidir ki, nəticə nəinki qaneedici, hətta gələcəyə təminat verəcək qədər uğurlu və fundamental olsun. O da sirr deyil ki, təlim-tədris-tərbiyə prosesində uğuru şərtləndirən başlıca amillərdən biri KADR, konkret halda müəllim-pedaqoq, tərbiyəçi-psixoloq amilidir. Nə yazıq ki…Çağdaş Azərbaycan məktəblərində, sözün mütləq anlamında müəllim adına layiq olanlar bir yana, ümumilikdə müəllim peşəsinin mahiyyətinin nədən ibarət olduğunu özü üçün müəyyənləşdirə biləcək kadrların xüsusi çəkisi heç 10 faiz həddini belə keçmir. Bu, FAKTdır. Sübutuna artıq ehtiyac olmayan, təkzibi mümkünsüz, acı bir fakt! Amma bu fakt heç bir halda ümumən müəllimlərin heysiyyatının aşağılanması mahiyyəti kəsb etməyərək, ümumilikdə təhsil siyasətini reallaşdırmalı olanların tarixi məsuliyyətlərinə əlavə sübut funksiyası daşıyır. Bəs bunca ağrılı reallığı şərtləndirən səbəblər hansılardır? Müəllim peşəsinin mütləq anlamdakı mahiyyətindən bixəbər “müəllim”lərin kəmiyyət çoxluğu nəyin nəticəsidir? Bu reallığı şərtləndirən amillər, təbii ki, çoxdur və konkret zaman kəsiklərində konkret məkanlarda bir sıra parametrlərin dəyişkənliyi səbəbiylə bunlardan hansı birininsə daha çox aktuallaşması, analoji olaraq nə vaxtsa aktual görünən bir amilin başqa bir zamanda, yaxud məkanda arxa plana keçməsi istisna deyil. Bu sırada “sovet sistemindəki məcburi planlı kadr hazırlığı” amilindən başlayaraq, “müəllim diplomu almış savadsızlar”ın fərdi xarakterlərinə qədər yüzlərlə amilin adını çəkmək mümkündür. Amma bu amillərin say çoxluğu mahiyyətcə heç nə demək deyil. Çünki səbəbi şərtləndirən amillərin sayının çoxaldılması qəsdən ortaya atılmış xüsusi bir fənddir. Elə bir fənd ki, diqqətin müzakirə olunan məsələnin mahiyyətindən yayındırılmasına, konkret məsələdə konkret günahkarların, yaxud da katalizator rolu oynayan yardımçı qüvvələrin məsuliyyətdən kənarda qalmasına xidmət edir. Ona görə də əllaməçilikdən, subyektiv mülahizələrdən qaçaraq birmənalı şəkildə etiraf etmək lazımdır ki, XXI əsrin birinci onilliyində Azərbaycan təhsil sisteminin bərbad vəziyyətə düşməsi reallığını şərtləndirən birinci və ən aqressiv amil təhsil siyasətinin reallaşdırılması kimi məsuliyyətli bir işi öz üzərinə götürmüş məsuliyyətsiz səlahiyyət sahibləridir. O şəxslər ki, məktəbə təlim-tədris-tərbiyə prosesinin reallaşdığı, vətənpərvərlik hisslərinin, o cümlədən milli heysiyyat və milli qürur kimi ali duyğuların aşılandığı müqəddəs məkan kimi yox; ümumən təhsil sisteminə, sözün mütləq mənasında bazar şəbəkəsi, təhsil ocaqlarına “tolkuçka”, direktor, rektor vəzifələrinə “bazarkom” statusu, müəllimə satıcı, metodistə dəllal, şagirdlərə mayasız qazanc gətirən itaətkar qul, tələbələrə sizif əməyi yerinə yetirən təhkimli, attestata əskinas, diploma istiqraz vərəqi, dövlət hesabına xarici təhsil müəssisələrinə göndərişlərə isə veksel kimi baxırlar. Ümumən təhsil sisteminin bugünkü bərbad vəziyyətini şərtləndirən digər bütün amillərin birlikdəki məsuliyyət payı Təhsil Nazirliyinin rəhbər heyətlərinin ilk onluğuna düşən adamların və bu yöndə qanunvericilik bazasını təkmilləşdirməyə borclu olan müvafiq komissiyanın məsuliyyəti ilə müqayisədə 1:99 nisbəti qədər anormaldır. Başqa sözlə, Azərbaycan təhsil sisteminin XXI əsrin birinci onilliyindəki vəziyyətinin birbaşa tarixi və hüquqi məsuliyyəti Milli Məclisin humanitar məsələlərlə birbaşa məşğul olan qurumlarının, ilk növbədə isə təhsil müstəvisində bazar münasibətlərinin bərqərar olmasına imkan vermiş təhsil nazirinin boynundadır.
Zəruri bir haşiyə. Ola bilər ki, KİMSƏ sırf psixoloji instinkt və özünümüdafiə refleksi ilə bütün bu deyilənləri öz ünvanına səslənmiş qərəzli ittiham, təqsirsizlik prezumpsiyasına məhəl qoyulmadan hüquqlarının pozulması kimi dəyərləndirsin. Ola bilər! Təbii ki, hər kəs öz düşüncəsində tam sərbəstdir və hər kəsin də qanunla təsbit olunmuş özünümüdafiə hüququ var. O da sirr deyil ki, yuxarıda səslənmiş fikirlərdə “təqsirsizlik prezumpsiyası”na həqiqətən də məhəl qoyulmayıb. Amma bu, heç bir halda səsləndirilən fikrin əsassızlığına dəlalət etmir, ictimai ittihamın kəsərini azaltmır. Çünki analoji hallarda mübahisələr hüquqi yox, ictimai presendent müstəvisində çözülür. Yəni analoji əməllər hüquqi qiymətindən öncə ictimai qiymətini alır. Daha dəqiqi, hüquqi qiyməti ictimai rəy müəyyənləşdirir. Bu presendent dünyanın bütün tarixi ərzində formalaşıb və dünya durduqca yaşayacağına da şübhə yoxdur. Bunun məhz belə olduğunu tam aydınlığı ilə dərk etmək üçün bir nümunəyə diqqət yetirmək kifayətdir. Azərbaycan vətəndaşı Robert Köçəryanın “təqsirsizlik prezumpsiyası”nın əhatə dairəsinə düşən hüquqları bir yana, hətta Ermənistan prezidenti qismində toxunulmazlıq, şərəf və ləyaqətinin qorunması kimi ali statusları var. Bununla belə, hər kəs, o cümlədən bir az öncə qeyd olunmuş iradları oxuyarkən özlərinin müdafiəsi xatirinə hüquqi anlayışları qalxana çevirmək istəyinə düşənlər, yəni təhsil sisteminə bazar təfəkkürü ilə yanaşdıqlarını bilə-bilə “təhsil sistemini bazara çevirdiklərinin məhkəmə sübutu” olmadan hər hansı ittihamı süngü ilə qarşılayanların özləri belə R.Köçəryana cinayətkar deməkdən çəkinmirlər. Əslində, çəkinmələrinə ehtiyac belə yoxdur, çünki bu məsələdə də hüquq ictimai rəyin arxasınca sürünür. Bəli, “məktəbin bazara çevrilməsi ilə bağlı cinayət” faktında da hüquq qiymət ictimai rəydən bilavasitə və bilvasitə asılı vəziyyətdədir. Çünki təhsil siyasətini kuluarlararxası mübarizə vasitəsinə çevirənlərdən fərqli olaraq, ictimai rəy real yaşantılara söykənir və İCTİMAİ GÖZ görür ki, orta məktəblərin birinci sinfindən universitetlərin dövlət imtahanlarına qədər bütün instansiyalarda hər şeyi sadəcə PUL həll edir. Nə məktəblərdə, nə dövlətə məxsus ali təhsil müəssisələrində, nə də “özəl universitet”lər adlandırılan leqal soyğunçuluq şəbəkəsində “bilik”, “qabiliyyət”, “istedad” kimi meyarlar işləmir. Hələlik müşahidə olunan reallıq hərraca çıxarılmış, alqı-satqı predmetinə çevrilmiş heysiyyatlar, itirilən əxlaq, aşınıb dəyərsizləşən mənəviyyatdır. İctimai göz onu da görür ki, çağdaş AZƏRBAYCAN MÜƏLLİMİnin düşüncəsi kiməsə nəyisə öyrətməyə yox, dövlətin verdiyi əmək haqqı müqabilində heç nə etmədən, daha doğrusu, repetitor xidmətini zəruriləşdirən mühit yaratmaqla əlavə gəlir mənbəyi qazanmaq haqqında fikirləşməyə səfərbərdir. Və hər kəs, hətta təhsil naziri belə bunu dolanışığın çətinliyi ilə izahlamaqda maraqlı görünür. Bəlkə də bu gün Azərbaycan müəlliminin əmək haqqı əməyinə və tələbatına uyğun deyil. Amma nə bu, nə də bu qəbildən başqa bir səbəb müəllimlərə rüşvətə qurşanmaq, məktəblərdə tədris proqramını iflic edərək, şagirdləri repetitor xidmətindən istifadəyə təhrik etmək haqqı vermir. Sözün mütləq anlamında MÜƏLLİM olan şəxs məktəbin bazara çevrilməsi, qürurunun tapdanması, valideynin təhqirləri ilə üz-üzə qalmaq, şagirdlərin yanında gözükölgəli olmaq kimi miskin bir qismətlə heç bir şərt daxilində barışmaz. Bu, yazılmamış qanundur, AKSİOMAdır. Və Azərbaycan məktəblərinin üzləşdiyi faciəvi reallıqların əsl səbəblərinin aşkarlanmasında məhz bu aksioma həlledici rol oynamalıdır. Bəli, öz “MƏN”liyini bütün mənəvi və maddi dəyərlərdən üstün tutmaq əsl müəllimin peşə şərəfidir. Məsələ ondadır ki, Azərbaycanın pedaqoji təmayüllü ali məktəblərində müəllimlər hazırlanmır; adını-soyadını yazmağı bacarmayanlara, əxlaqi baxımdan nəsilbənəsil lənətlənmişlərə, piştaxta arxasında hər cür rəzilliyə yuvarlananlara “müəllimliyi təsdiqləyən diplom”lar satılır. Bəli, məhz satılır! Təbii ki, diplomların alqı-satqı predmetinə çevrilməsində milli mentalitetlə bağlı məsələlər də var: yəni “diplom satılır ona görə ki, almaq istəyən var” açıqlaması bu məqamda ən çox yerinə düşən tezisdir. Şübhəsiz ki, bu problemin ortaya çıxmasında tələb-təklif balansının rolu da danılmazdır. Amma ortada başqa bir həqiqət də var: savadsıza diplom almaq, adını belə yazmağa çətinlik çəkən əqli şikəstləri cəmiyyətə müəllim, hüquqşünas, həkim, yaxud da siyasətçi kimi sırımaq mümkün olmasa, onda o diplomları almaq həvəsinə düşən də olmayacaq. Deməli, “taxta başları ziyalı qalstuku ilə bəzəmək” istəyini cəmiyyətin savadsızlara qarşı müqavimət əmsalının zəifliyi şərtləndirir və bu amili heç bir zaman diqqətdən yayındırmaq olmaz. Bu, geniş bir söhbətin mövzusu olduğundan, hələlik diqqəti məhz savadsız diplomluların kəmiyyət artımının səbəblərinə yönəldək. Bu məqama aydınlıq gətirərkən “təhsil başbilənləri” yalnız bir arqumentlə yaxalarını kənara çəkməyə çalışırlar: qəbul məsələsi Təhsil Nazirliyinin səlahiyyətində olmadığından, savadsızların ali məktəblərə düşməsinə görə məsuliyyət bu qurumun üzərinə düşə bilməz. Həqiqətən də artıq 14 ildir ki, Azərbaycanda qəbul prosesi mərkəzləşmiş qaydada test üsulu ilə aparılır. Əslində, Təhsil Nazirliyinin məsuliyyətdən yayınması üçün sizif əməyi sərf etməkdən yorulmayan “muzdlu vəkillər”in yeganə arqumenti məhz bu reallığa söykənir. Amma… Bu əmmalar və onları şərtləndirən reallıqlar barədə növbəti söhbətimizdə.



Leave a comment