Bioloji tərəqqi toxumun sağlamlığı, mənəvi yüksəliş məktəbin saflığı ilə şərtlənir
Ötən söhbətimizdə bəşəri təkamülün ən son və ən ötəri epoxasının – sosializmin banilərinin qurmaq istədikləri cəmiyyətin ilkinliyində ziyalılara aqressiv münasibətlərinə rəğmən II Dünya müharibəsindən sonra öz siyasətlərində ciddi korrektələr etmələrinə tarixi faktlara istinadən diqqət yetirərərək belə bir qənaət hasil etmişdik ki, 1950-1980-ci illərdə SSRİ imperiyasında insan amili hər şeydən öndə idi. Şəxsiyyətin formalaşmasının bünövrəsi sayılan təlim-tərbiyə, elm-təhsil komplekslərinin təkmilləşdirilməsi müntəzəm nəzarətdəydi və bu fasiləsiz nəzarət sistemində ibtidai, səkkizillik və orta təhsil müəssisələrinə xüsusi diqqət yetirilirdi. Niyə? “Obıvatel” düşüncənin ilk baxışda primitiv bir nəsnə kimi qəbul edəcəyi bu suala tam dolğunluğu ilə cavab vermək üçün bir sıra fəlsəfi kateqoriyalara tarixi, psixoloji, mənəvi-əxlaqi yönlərdən diqqət yetirmək lazım gəlir. Ən azı ona görə ki, şəxsiyyətin formalaşmasının ilkin mərhələsinin mexaniki sıralanmanın adi bir pilləsi olmayaraq bünövrə rolu oynadığı həqiqəti kimsəyə sirr deyil. Bu da bir həqiqətdir ki, şəxsiyyət təbiətlə, cəmiyyətlə və özü-özüylə daimi canlı ünsiyyətdə yetişir. Şəxsin ətraf mühitlə münasibətində baş verən müntəzəm dəyişikliklərdən doğan minlərlə situasiya insanı düşünməyə, optimal variantlar axtarmağa vadar edir ki, kamilliyə aparan yol da insanın əqli potensialının praktiki təcrübəyə çevrildiyi bu məqamdan başlayır. Belə ki, insan nəyinsə xatirinə kiminsə qəlbinə toxunmaq, yaxud əksinə, kiminsə xatirinə nələrisə qurban vermək zərurəti qarşısında qaldığını dərk etdikdən sonra onda məsuliyyət hissi təşəkkül tapır və zaman-zaman bu şəxsi məsuliyyət hissi cəmiyyət, bəşəriyyət, tarix qarşısında məsuliyyət hissi səviyyəsinə yüksəlir. Tərbiyəçilərin və cəmiyyətin ən ümdə vəzifəsi insanda məsuliyyət hissinin rüşeymləşməsini məhz fərdin özü-özü ilə dialoqunun, fərd-cəmiyyət ünsiyyətinin, fərd-təbiət təmasının kompleks sintezində təmin etməkdir. Tərbiyənin ilkin mərhələsində belə bir kompleksi, təbii ki, yalnız və yalnız məktəbdə təmin etmək olar. Həqiqətən də məktəb elə bir ecazkar dünyadır ki, böyük həyata qədəm qoyan insan ilk sevinci də, kədəri də; ilk qələbəni də, acı məğlubiyyəti də; ilk məhəbbəti və vəfasızlığı da; uğuru və uğursuzluğu da məhz burada dadır – həyatla ilk real təması burada hiss edir. Saysız-hesabsız maraqların, xasiyyətlərin gündəlik təmas-ünsiyyət məkanı olan və eyni zamanda düşüncələrin elmə, xeyirxahlığa yönləndirildiyi bu mərkəz sözün həqiqi mənasında cəmiyyətin ilk ələyi rolunu oynayır. Elə bir ələk ki, ilk andanca hər bir fərdin daxili aləminin, maraq dairəsinin açılmasına şərait yaradır; fərdin öz gücünü hiss etməsi, özünə inamının ilkin rüşeymlərinin formalaşması – özünün dərk etdiyi şəkildə liderlik iddiasına düşməsi, bu zəmində ilkin rəqabət həvəsinin üzə çıxması yönündə platforma rolunu oynayır. Düzdür, bu ecazkar aləmdə gələcəyin insanı idraki qərarlardan daha çox hisslərin təsirinə tabe olur. Təbii ki, bu kortəbiiliyin özündə də bir qanunauyğunluq var, amma…
Orta statistik Azərbaycan cocuğunun bu gün Azərbaycan məktəbində gördüyü reallığın, o reallığın doğurduğu hisslərin və o hisslərə kortəbii təslimçiliyin təbii qanunauyğunluqlara, təbii proseslərə heç bir aidiyyəti yoxdur. Çağdaş Azərbaycan cocuğunun hisslərinə hakim kəsilən reallıq heç bir şərt daxilində “məktəb reallığı”, yaxud “təlim-tərbiyə prosesi” adlandırıla bilməz. Onun düşüncəsində hakim mövqedə dayanan reallığın adı “məktəb anarxiyası”, “təlim-tərbiyə stixiyası”dır. Niyə? Çoxçalarlı və əhatəli cavab tələb edən bu sualdan yayınmaq gələcək qarşısında, millət qarşısında tarixi məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil. Odur ki, özünü bu Millətin övladı, bu Vətənin vətəndaşı sayan hər kəs, nəhayət, özündə bir təpər, bir cəsarət tapıb bir anlıq ayaq saxlamalı, bugünkü “təhsil” sisteminin bu xalqa hansı müəmmalı gələcək vəd etdiyi kimi vacib bir suala ayıq nəzərlərlə cavab axtarmalıdır. Biz, bir xalq olaraq, bir millət olaraq bu cavabı aramağa sadəcə, məhkumuq. Yəni bugünkü orta məktəblər şəbəkəsinin və ali təhsil cəngəlliyinin məchulluğa aparan tənəzzül yoluna istiqamətlənməsi kimi tarixi məsuliyyəti-məktəbin öz ilkin müqəddəsliyini itirərək rüşvət doğanağına çevrilməsi, bazar qanunlarına boyun əyməsi, ən faciəvisi, məktəbin “gələcəyimiz saydığımız körpələrimizi” bir-birinə qarşı qatı düşmənçilik həddinə qədər amansız bir əhvala kökləyən sosial təbəqələşmə poliqonuna döndərilməsi kimi ağır nəticəli reallıqları şərtləndirən əsl səbəbləri müəyyənləşdirmək hər kəsin borcudur. Tədris proqramlarının rabitəsizliyi və dayanıqsızlığı, tədris vəsaitlərinin məqsəddən yayğınlığı və məntiqsizliyi, birtərəfli hazırlıq müstəvisində məhdud dünyagörüşlü məzunlar ordusu və bunun məntiqi davamı olaraq yarımçıq mütəxəssislər yetişdirilməsi, tətbiq sahəsi olmayan ixtisasların kəmiyyətinin ilbəil artırılması kimi cinayət xarakterli və qəsd mahiyyətli əməllərin tam məsuliyyətini, labüd cəzasını hərfi və müstəqim mənada dərk etmək üçün bir sıra incəliklərə diqqət yetirmək lazım gəlir. Məktəb insanın bəşəri təkamül boyunca əldə etdiyi nemətlərin istisnasız olaraq ən müqəddəsi, eyni zamanda faydalılıq baxımından alternativsiz birincisidir. Ən azı ona görə ki, bəşəri təkamülün bütöv bir epoxasının məntiqi məhsulu olan məktəb eyni zamanda digər epoxalar üçün bazis rolu oynayıb. Bəli, məktəb analoqu olmayan elə bir fəaliyyət sahəsidir ki, burada “başlanğıc” və “son” kriteriyaları yoxdur; burada hər son yeninin başlanğıcı, hər başlanğıc əvvəlki sonun məntiqi davamıdır. Başqa sözlə, məktəb müstəvisində “SON” ifadəsi heç bir şərt daxilində “dayanacaq” anlamına gəlmir; bu müstəvidə “SON” sözü ilə ifadə olunan məqamı əbədi bir prosesin konkret zaman kəsiyindəki proyeksiyası kimi qəbul etmək daha məntiqi nəticədir. Çünki məktəb elə bir “istehsalat meydanı”dır ki, buradakı hər “məhsul”- yetişdirilən hər bir insan başqa bir “istehsalat meydanı”nda təkanverici qüvvəyə, stimullaşdırıcı amilə çevrilir. Bir mütləq həqiqət də var: hər hansı bir məhsulun təyinatı üzrə istifadə zamanı keyfiyyətinin yeganə qarantı həmin məhsulun hazırlıq prosesində texnoloji tələblərə tam mənada riayət edilməsidir. Məktəbin “məhsul”u insan, məqsədi insanın şəxsiyyət kimi formalaşdırılması; o “məhsul”un təyinatı isə cəmiyyətə və ümumən bəşəriyyətə xidmət olduğundan, burada texnoloji proseslərə tam ciddiyyətlə riayət və nəzarət edilməsi bütün digər sahələrdəkindən, hətta ən cüzi yanlışlığı ümumən planetimizin məhvinə səbəb ola biləcək kosmik proqramlara riayət və nəzarətdən də ciddi olmalıdır. Bütün dövrlərdə, bütün ölkələrdə olduğu kimi, XX əsrin sonu, XXI əsrin birinci onilliklərinin Azərbaycanında da sözün həqiqi mənasında insan, sözün mütləq mənasında şəxsiyyət, sözün peşəkar anlamında mütəxəssis hazırlığına təminat verən siyasətin müəyyənləşdiricisi də, yönləndiricisi də, o cümlədən ümumən ölkədəki təlim-tərbiyə bazasının mütləq çoxluğunun sahibi də dövlətdir. Məhz bu reallıq insan yetişdirilməsi, şəxsiyyət formalaşdırılması, mütəxəssis hazırlanması prosesində məsuliyyətin əsas ağırlığını dövlətin üzərinə qoyur. Bəs faktiki halda dövlət bu işin öhdəsindən necə gəlir? Son on ilin statistikasının xronoloji ardıcıllığına ötəri baxış belə Azərbaycan dövlətinin təhsilin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsinə yönəlik siyasətinin və əməli tədbirlərinin müntəzəm xarakterli olduğunu söyləməyə tam əsas verir. Bunun məhz belə olduğunu tam aydınlığı ilə dərk etmək üçün bir neçə məqama diqqət yetirmək kifayətdir. 1992-1993-cü illərdə elə bir mühit yaranmışdı ki, “obıvatel” düşüncə sosial rifahın yolunun elmi-texniki tərəqqidən yox, “cəbhəçi” mundiri ilə silahlanıb digərlərinin haqqını mənimsəməkdən keçdiyi barədə yanlış bir ovqata köklənmişdi və bu tendensiya həndəsi silsilə ilə genişlənərək ümumən cəmiyyətdə hökmran mövqeyə yüksəlmək ərəfəsində idi. Bunun məntiqi sonluğu müəllimlərin kütləvi surətdə məktəbləri tərk etməsi, boşalmış yerlərin saxta diplomlular hesabına doldurulması, məktəblərin ştat cədvəllərində “ölü canlar”ın xüsusi çəkisinin durmadan artması kimi acı bir reallıqda əks olunurdu. Yeri gəlmişkən, YUNESKO bu problemləri inkişaf etməkdə olan ölkələrin təhsil sistemlərinin ümumi bəlası kimi xarakterizə edir. Məsələn, bu təşkilatın ötən ayın əvvəllərində yayımladığı rəsmi məlumatda göstərilir ki, Hondurasda müəllim korpusunun 5, Papua-Yeni Qvineyada isə 15 faizi “ölü canlar”dır. Bu baxımdan 1990-1993-cü illər Azərbaycanında analoji problemin yaşanması bəlkə də təbii idi. Amma bu vəziyyəti təbii proses kimi dəyərləndirmək və heç bir tədbir görmədən hər şeyi zamanın öhdəsinə buraxmaq absurddur. Təcrübəli dövlət xadimi Heydər Əliyev 1993-cü il iyunun 15-də dövlət idarəçiliyinin məsuliyyətini xalqın tələbi ilə öz üzərinə götürdükdən sonra bu məsələni xüsusi nəzarətdə götürdü və… 1993-2003-cü illər ərzində ümumən təhsilə ayrılan vəsait ölkə büdcəsinin beşdən biri həddindən də yuxarı qalxdı və bu, müəllimlərin əmək haqlarının müntəzəm surətdə artırılmasına real imkanlar yaratdı. Hər halda Heydər Əliyev öz prezidentliyi dövründə, dövlət başçısı olaraq dağıdılmış iqtisadiyyatın bərpası və prinsipcə yeni istehsal münasibətləri müstəvisində yenidən qurulmasına, hərbi müxalifətçilik ənənələrinin aradan qaldırılması və xarici hərbi siyasi təzyiqlərin qarşısının alınması kimi ciddi siyasi əhəmiyyətli məsələlərin həllinə daha çox vaxt ayırmaq, sosial məsələlərin həllini daha münasib zamana qədər təxirə salmaq məcburiyyətindəydi. Bununla belə, siyasi hakimiyyətdə olduğu on il ərzində onun təhsil işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün 20-dən çox sərəncam imzalaması, büdcə ayırmaları ilə qane olmayaraq orta və ali məktəblərin, o cümlədən elmi-tədqiqat institutlarının maddi-texniki bazasının yaxşılaşdırılması üçün beynəlxalq kreditlərdən sərmayə kimi istifadə etməsi, bu yöndə xeyriyyəçilik tədbirlərinə xüsusi önəm verməsi, həqiqi ziyalıların, peşəkar mütəxəssislərin cəmiyyətdəki nüfuzunu artırmaq məqsədi ilə onlar üçün xüsusi təqaüd fondları yaratması və bir sıra imtiyazlardan istifadə üçün hüquqi baza formalaşdırılmasının qayğısına qalması, əslində, mövcud siyasi kursun təhsillə bağlı istiqamətlərinin əməli təzahürləri kimi dəyərləndirilməlidir. 2003-cü ildən sonra artan neft gəlirləri büdcənin imkanlarını daha da genişləndirdiyi üçün analoji addımların sferası və əhatə dairəsi bir neçə dəfə genişlənib. Təkcə son iki ildə YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun bu yöndə gördüyü işlər bir çox postsovet ölkələrində on il ərzində görülmüş işlərdən yüz dəfələrlə çoxdur ki, elə bu da dövlətin təhsilə münasibətinin bariz ifadəsidir. Bir sözlə, dövlətin strateji və cari hədəflərini, bu hədəflərə yetmək üçün xarici və daxili siyasətini müəyyənləşdirən hakim siyasi qüvvənin təhsilə münasibəti göz qabağındadır. Bəs, təhsilə bu ali münasibət və qayğı müqabilində dövlətin strateji və cari məqsədlərini müəyyənləşmiş siyasi kursa uyğun şəkildə həyata keçirməyə borclu olan hökumətin və təhsil məsələlərində hökumətin şəriksiz müvəkkili funksiyasını yerinə yetirən Təhsil Nazirliyinin gördüyü işlər nə dərəcədə qaneedicidir? Bu barədə növbəti söhbətimizdə.
SALMAN VİLAYƏTOĞLU



Leave a comment