Xidmət sferalarında bərqərar olmuş mikromühiti yalnız bu cür səciyyələndirmək mümkündür
İqtisadi potensial bu və ya digər dövlətin inkişafını stimullaşdıran başlıca təkanverici qüvvə kimi dəyərləndirilsə də, ümumən cəmiyyətin inkişaf meyarı mövcud şəraitdə əhaliyə göstərilən xidmətlərin səviyyəsi və keyfiyyətidir. Bəşəri təfəkkürün minilliklər boyunca mütləq həqiqət kimi dəyərləndirdiyi bu yazılmamış qanun sosiologiyaya dair bütün nəzəri baxış sistemlərinin təməl prinsiplərinin önündə dayanır və təbii ki, səbəbsiz deyil. Belə ki, dövlətlərin iqtisadi inkişafı tarazlaşdırılmış daxili və xarici iqtisadi siyasət kursu ilə şərtlənsə də, bu siyasətin reallaşmasının əsas parametrlərindən birincisinin məhz cəmiyyətdə qərarlaşmış əmək münasibətləri olduğu heç kimə sirr deyil. Mövcud əmək münasibətlərinin dayanıqlığı isə xalqla dövlət arasındakı münasibətlərin səviyyəsi ilə düz mütənasibdir. O da sirr deyil ki, dövlətin xalqa münasibəti onun müəyyənləşdirdiyi vəzifələri həyata keçirməyə məsul olan xidmət qurumlarının fəaliyyətində əks olunur. Bütün növ xidmətlərin, xüsusən də əhalinin mütləq çoxluğunun maraqlarına birbaşa təsir qüvvəsinə malik xidmətlərin keyfiyyətinin təminatçısı isə hər bir fərdin öz hüquq və vəzifələrinə münasibətdəki məsuliyyətidir. Və əslində cəmiyyətdə baş verən sosial xarakterli bütün narazılıqları, radikal islahat və tədbirləri zəruriləşdirən səbəblər məhz çoxluğun öz hüquqlarını bilməməsindən, xidmət sahələrinə rəhbərlik edən azlığın isə hüquqi savadsızlıq reallığından sui-istifadə edərək vəzifələrinin icrasına məsuliyyətsizliklə yanaşmasından qaynaqlanır. Təbii ki, sosial narazılıqları şərtləndirən səbəblər sırasında digər motivasiyalı – siyasi, iqtisadi, mənəvi, psixoloji yönlü parametrlər də var. Amma sosial narazılıqlara vəsilə olan digər motivasiyalı səbəblərin birlikdəki təsiri xidmət sferasındakı məsuliyyətsizlikdən qaynaqlanan səbəblərlə müqayisədə nəzərəalınmayacaq dərəcədə azdır. Çünki xidmət sferası cəmiyyətin ümumi balansında ən həssas və ən mühüm həlqədir: idarəolunanlarla idarəedənlər arasında əlaqələndirici funksiyası daşıyan tellərdir. Bu həlqə nə qədər zəif olursa, tərəflərin bir-birini başa düşməsi də bir o qədər çətinləşir. O adi bir səbəblə ki, idarəolunanlar idarəedənlərin onlara münasibətini göstərilən xidmətin səviyyəsi ilə müəyyənləşdirir; orta statistik düşüncə xidmət sferaları rəsmilərini dövlət və hökumətin əhaliyə yönəlik siyasətinin təminatçısı kimi qəbul etməyə meyillidir. Bəs bu nəzəri baxışlar müstəvisində çağdaş Azərbaycan reallığı necə görünür?
Son on il ərzində əhalinin sosial müdafiəsi ilə bağlı qəbul olunmuş qərarların və xidmət sferalarının işinin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilmiş tədbirlərin siyahısına nəzər yetirəndə aydın olur ki, dövlətin xalqa qayğısı ən yüksək səviyyədədir və onun həndəsi silsilə üzrə ilbəil artımı artıq dönməz bir prosesə çevrilib. Bu qayğının səviyyəsi nə qədər yüksək, onu əks etdirən hüquqi sənədlər nə qədər mükəmməl, onların reallaşmasına zəmin yaradan təlimat və göstərişlər nə qədər çoxçeşidli və rəngarəng olsa da, dövlətin xalqa münasibətinin ifadəçisi funksiyasını yerinə yetirməli olan xidmət sferası təsisatlarının fəaliyyətini heç bir şərt daxilində qaneedici fəaliyyət kimi dəyərləndirmək mümkün deyil. Daha dəqiqi, bu təsisatların fəaliyyəti dövlətin qayğısını tam mənada ifadə etmək bir yana, hətta qəbul edilmiş qərarların əhəmiyyətini nəzərəçarpacaq dərəcədə dəyərsizləşdirən amil kimi səciyyələnir. Bunun belə olduğunu tam aydınlığı ilə görmək üçün hər kəsin gündəlik həyatda hər an müşaiyət etdiyi bir neçə praktiki nümunəyə diqqət yetirmək kifayətdir.
Faktiki olaraq rabitəçilərdən başqa heç bir xidmət sferası əhali ilə münasibətlərini tənzimləyən hüquqi müqavilələr bağlamır ki, bu da nəticə etibarı ilə xidmətgöstərənə “xüsusi imtiyaz” qazanmaq, özünü “şərt diqtə edən” tərəf kimi aparmaq şansı verir. Ən pis cəhət isə odur ki, tərəflər bu boşluğun doldurulmasında yox, əksinə, daha da dərinləşməsində maraqlı görünürlər. Necə deyərlər, “hüquqlarını yaxşı bilən və vəzifə səlahiyyətlərindən tam gücü ilə istifadə edən” xidmətçilər “vəzifə məsuliyyətləri”ni birmənalı şəkildə yaddan çıxarırlar. Bir daha təkrar edək ki, bu prinsip, rabitəçilər istisna olmaqla, xidmət sahələrinin hamısı üçün xarakterikdir.
Əhalinin elektrik enerjisi ilə təchizatının məsuliyyətini öz üzərinə götürmüş təşkilatlar bu baxımdan “lider”dirlər. Bu sahədə irəliləyişə nail olmaq üçün dövlət son on ildə bir neçə dəfə radikal tədbirlərə əl atsa da, hələlik nəinki beynəlxalq tələblərə, heç sovet dönəminə uyğun xidmətdən də söhbət açmaq mümkün deyil. Nə sovetlərdən qalma “BaQES”, nə “Barmek”, nə də “Bayva” bu sahədə bir irəliləyişə nail ola bilmədilər. “Barmek”i əvəzləmiş “Bakıelektrikşəbəkə” də fəaliyyətdə olduğu müddət ərzində sələflərindən uzağa gedə bilməyib. Bütün bu təşkilatlar yalnız bir şeylə, fəaliyyətə başladıqları andan etibarən yeni sayğac quraşdırmaları ilə düşüblər tarixə. Birinin sayğacını digəri bəyənmir, birinin sayğac üçün müəyyənləşdirdiyi yer digərini qane etmir və sair və sonsuzluğa qədər uzanan mahiyyətdən uzaq, populist açıqlamalar, lüzumsuz işlər. Bütün “təzə sayğac” kampaniyalarını isə kapital qoyuluşu kimi təqdim etməyə çalışırlar. Əsaslı vəsait qoyuluşu zəruri bir mərhələdir, amma zərurət olan yerdə. “Barmek” əvvəlki sayğacları bəyənmədi, amma bunu heç texniki cəhətdən əsaslandırmadı ki, niyə bəyənmir. İndi də “Bakıelektrikşəbəkə” eyni oyunu oynayır. Guya əhalinin qayğısına qalıb “standartlara uyğun sayğac” quraşdırırlar. Amma o standartın nədən ibarət olduğu barədə məlumat verilmir. “Barmek” sayğaclarında texniki qüsurlar vardısa və sərfiyyatdan çox enerji qeydə alırdısa, onda niyə əhaliyə vurulmuş ziyanın ödənişi barədə məsələ qaldırılmır? Yox sayğaclarda problem yox idisə, onların dəyişdirilməsi nəyə və kimə lazımdır? “Barmek”in şəxsi evlərdə istifadəsinə icazə verdiyi üçfazalı sayğacları yeni qurum ləğv edir və bu zaman sayğacın dəyərinin ödənişini abonentin boynuna yükləyir. Üstəlik, sayğacın yerini dəyişən ustalar “imkan çatan qədər şirinlik” almağı, sayğacın üstünə qoyulan “avtomat üçün iki “şirvan” ödənc” qoparmağı da unutmurlar. Budurmu beynəlxalq standartlar? Ödənişlərin toplanması prosesində isə “Bakıelektrikşəbəkə”nin “nəzarətçiləri”nin hər biri dönüb olub bir “cəngavər”. Amma müntəzəm xarakter almış işıqsönmələrdə “Bakıelektrikşəbəkə”dən bir səlahiyyət sahibi tapılmır ki, bunun səbəbini izah etsin. Ən yaxşı halda bütün işlər həvalə olunur bir katibəyə, o da “avtootvetçik” kimi eyni sözləri təkrarlayır: “qəza var, iş gedir”. Hər gün qəza: bu, enerji sektorunda çalışanların professionallığının əsl qiymətidir. Verilən enerjinin gərginliyindəki sıçrayışlar da həmçinin. Kiçik tutumlu transformatorlar olmadan mənzillərdə heç bir məişət cihazını normal işlətmək mümkün deyil. Hətta transformatorun köməyi ilə belə normal gərginlikdə enerji almaq müşküldür. Sıçrayışlar o dərəcə intensiv olur ki, kompyuter və soyuducular az qala hər həftə sıradan çıxır. Bu məsələyə gələndə “Bakıelektrikşəbəkə”nin məsuliyyəti yoxdur. Niyə? Ödəniş zamanı hər işçisini “dəmir dəbilqə və dəyənəklə” təchiz edən, əllərinə bir kəlbətin verib naqilləri kəsməyə göndərən bu təşkilat bir elementar həqiqəti dərk etməlidir ki, hüquqdan öncə səlahiyyətlərin həddini və vəzifələri bilmək lazımdır. Naqilləri kəsmək bütün hallarda cinayətdir, özbaşınalıqdır, dərəbəylikdir. Əvvəla, əksər hallarda bu naqillər abonentlərin öz hesabına alınır və başqasının əmlakına ziyan vurmağa heç kimin haqqı yoxdur. İkincisi, bu cür tədbirlərə əl atmazdan əvvəl “Bakıelektrikşəbəkə” nəzərə almalıdır ki, onun heç bir abonentlə hüquqi müqaviləsi yoxdur və olsa belə, heç bir hüquqi müqavilədə naqil kəsmək bəndi əks oduna bilməz. Üçüncüsü, “Bakıelektrikşəbəkə”yə heç kim məhkəmə hüququ verməyib və onun nəzarətçiləri də məhkəmə qərarlarının icrasına nəzarət şöbəsinin əməkdaşları deyillər. Dördüncüsü və ən əsası, Avropa standartlarına uyğun ödəniş tələb etmək üçün Avropa standartlarına uyğun xidmət lazımdır. O xidmətin yolu isə hər bir abonentlə fərdi müqavilədən keçir. O müqavilədə isə abonentin də şikayətinə əsas verəcək bəndlər əks olunmalıdır. Misal üçün: enerji təchizatındakı fasilənin hər bir saatı müqabilində “Bakelektrikşəbəkə” gündəlik orta sərfiyyat həcmində təzminat ödəməlidir; gərginlik sıçrayışları nəticəsində sıradan çıxmış bütün məişət cihazlarının üç gün müddətində yenisi ilə əvəzlənməsi barədə hüquqi öhdəlik götürməlidir. Budur xidmətin “beynəlxalq standartlara uyğun” təşkilinin yolu. Faktiki halda isə tərəflərdən birinin darğa səlahiyyətləri, digərinin isə təhkimli statusu nəzərə çarpır. Nəticədə isə o darğaların əməllərindən qaynaqlanan qəzəb dövlət-xalq münasibətlərinə ciddi şəkildə mənfi təsir göstərir; heç kim o darğaları ciddi tərəf kimi qəbul etməsə də, hər kəs onlara səlahiyyət verdiyi üçün dövləti qınayır. Əslində isə dövlət onları səlahiyyətdən çox vəzifə məsuliyyəti ilə yükləyib. Amma nə yazıq ki, qarşı tərəfin də öz hüquqlarını lazımi səviyyədə bilməməsi xidmət sferası əməkdaşlarına xalqın qulluqçusundan daha çox dövlətin darğası kimi çıxış etmək şansı verir.
Bu baxımdan heç “Azəriqaz”da da vəziyyət ürəkaçan deyil. Bir nəfərin borcuna görə bütöv məhəllələrin, kəndlərin, rayonların qazla təchizatının dayandırılması adi hal alıb. Əslində isə bu cür kütləvi tədbirlərin məsuliyyətini müəyyənləşdirən müqavilələr olmalı, abonentlərin də öz mənafelərini müdafiə etməsinin hüquqi bazası formalaşdırılmalıdır. Belə olacağı təqdirdə qazsızma və qaz partlayışı nəticəsində baş verən faciələrə görə də məsuliyyət daşıyanlar olacaq; bu qəbil hadisələri “abonentin cihazlardan istifadə qaydalarına əməl etməməsi” şəkilli izahatlarla ört-basdır etmək cəhdlərinə də biryolluq son qoyulacaq. Çünki məntiq yoxdur bu cür izahatlarda. İnsan gecə yatdığı yerdə hardan və necə bilməlidir ki, “Azəriqaz” hansı bir səbəbdənsə mavi yanacaq verilməsini dayandırıb və bir müddətdən sonra bərpa edib. Hər kəs səhərə qədər qaz sobalarının yanında keşikçimi qoymalıdır? Qaz pulunun normal ödənişini tələb edən kəs onun təchizatını-fasiləsizliyini və normativlərə uyğun təzyiqlə verilişini də normal təşkil etməyə borcludur .
Bir sözlə, xidmət sferasında çalışanlar unutmamalıdırlar ki, vəzifənin təkcə səlahiyyətləri yox, həm də məsuliyyəti var. Cəmiyyətin sivil münasibətlər müstəvisinə çıxmasının yolu isə məhz bu həqiqətin dərkindən keçir.
Odər FATEH ( Salman Vilayətoğlu)



Leave a comment